|
- Efrayimin dağlıq bölgəsindən olan Mikeya adlı bir adam var idi.
- O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin».
- O, min yüz şekel gümüşü anasına qaytardı. Anası ona dedi: «Bu gümüşün hamısını Rəbb üçün təqdis edirəm. Qoy oğlum ondan bir oyma və bir tökmə büt düzəltsin. İndi bu gümüşü sənə qaytarıram».
- Gümüşü anasına geri qaytararkən anası iki yüz şekel gümüş götürüb zərgərə verdi. Ondan bir oyma və bir tökmə büt düzəltdirdi. Bu bütləri Mikeyanın evinə qoydular.
- Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi.
|
|