|
- Yusif dedi: «Onda heyvanlarınızı verin. Əgər pulunuz qurtarıbsa, heyvanlarınızı verin, onların əvəzinə sizə çörək verərəm».
- Onlar heyvanlarını Yusif üçün gətirdilər. Yusif də atların, qoyun-keçi və mal-qara sürülərinin, eşşəklərin əvəzinə onlara çörək verdi. Həmin il onları heyvanları əvəzinə verdiyi çörəklə saxladı.
- İl başa çatanda ikinci il yenə onun yanına gəlib dedilər: «Ağamızdan gizli deyil ki, pulumuz qurtarıb, heyvan sürülərimiz də ağamızındır. Ağamızın hüzurunda canımız və torpaqlarımızdan başqa bir şeyimiz qalmadı.
- Nə üçün gözünün önündə torpağımızla bərabər məhv olaq? Bizi və torpaqlarımızı çörək əvəzinə satın al. Qoy firon bizim də, torpaqlarımızın da sahibi olsun. Toxum ver ki, ölməyib yaşaya bilək, həm də torpağımız səhraya çevrilməsin».
- Beləliklə, Yusif Misirin bütün torpaqlarını firon üçün satın aldı. Bütün Misirlilər öz zəmilərini satdılar, çünki aclıqdan əzab çəkirdilər. Bütün torpaqlar fironun oldu.
|
|