|
- Rəbb Öz xalqının yaralarını sarıdığı gün, Zərbəsi ilə açdığı yaralarına şəfa verən gün, Ay işığı günəş işığı, Günəşin işığı yeddi günün işığı kimi Yeddi qat artıq parlayacaq.
- Budur, Rəbbin adı uzaqdan gəlir, Qızğın qeyzlə qara bulud içində Ağzı qəzəbli sözlərlə doludur, Dili sanki hər şeyi məhv edən alovdur.
- Onun nəfəsi insan boğazına çatmış daşan sel kimidir, Millətləri ələkdən keçirəcək ki, məhv olsunlar, Xalqların ağzına yüyən taxacaq ki, yolunu azsınlar.
- Siz isə müqəddəs bayram gecəsi kimi İlahilər oxuyacaqsınız. Rəbbin dağına, İsrailin Qayasına tütək çalaraq çıxan tək Ürəyiniz şadlanacaq.
- Rəbb əzəmətli səsini eşitdirəcək, Qızğın qəzəblə, hər şeyi yandıran alovla, Fırtına ilə, güclü leysanla, dolu ilə Qolunun qüdrətini göstərəcək.
|
|