|
- Yeremya Mispaya Axiqam oğlu Gedalyanın yanına getdi və onunla birgə ölkədə qalan xalq arasında yaşadı.
- Çöldə olan bütün qoşun başçıları və onların adamları eşitdi ki, Babil padşahı, Axiqam oğlu Gedalyanı ölkəyə başçı qoymuş və ölkənin yoxsul əhalisindən Babilə sürgün olunmamış kişiləri, qadınları və uşaqları onun ixtiyarına vermişdir.
- Bu adamlar Mispaya, Gedalyanın yanına gəldi: Netanya oğlu İsmail, Qareahın oğulları Yoxanan və Yonatan, Tanxumet oğlu Seraya, Netofalı Efayın oğulları, Maakalının oğlu Yezanya və onların adamları.
- Şafan oğlu Axiqam oğlu Gedalya onlara və öz adamlarına and içib dedi: «Xaldeylilərə qulluq etməkdən qorxmayın. Ölkədə qalıb Babil padşahına qulluq edin, sizin üçün yaxşı olar.
- Mənə gəlincə, bizim yanımıza gələcək Xaldeylilərin qabağında sizi təmsil etmək üçün Mispada qalacağam. Ancaq siz şərab, yay meyvələri və zeytun yağı yığıb qablarınıza doldurun və aldığınız şəhərlərdə yaşayın».
|
|