|
- Firon Qəzzəyə hücum etməzdən əvvəl Yeremya peyğəmbərə Filiştlilər barədə Rəbbin bu sözü nazil oldu:
- «Rəbb belə deyir: “Budur, şimaldan sular qalxır, Onlar sel kimi daşacaq, Ölkənin və oradakı hər şeyin, Şəhərin və orada yaşayanların üstünə axacaq. İnsanlar fəryad edəcək, O ölkədə yaşayanların hamısı nalə çəkəcək.
- Ayğırlarının yeri döyən dırnaqlarının səsindən, Döyüş arabalarının vəlvələsindən, Təkərlərinin gurultusundan Əlləri taqətdən düşdüyü üçün Atalar dönüb oğullarına baxmır.
- Çünki Filiştlilərin məhv ediləcəyi gün gəlir. Sur və Sidona yardım edə bilən, Sağ qalan hər kəs yox ediləcək. Rəbb Kaftor sahilindən gələn Filiştlilərin sağ qalanlarını həlak edəcək.
- Qəzzə saçını yolacaq, Aşqelon susdurulacaq. Ey düzənliklərində sağ qalanlar, Nə vaxta qədər bədənlərinizi yaralayacaqsınız?
|
|